Astana’da Türk DövlətləriTəşkilatının  “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü

Astana’da Türk DövlətləriTəşkilatının  “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü

İlham Əliyev: “Biz böyük Türk dünyasının bir hissəsiyik və əminəm ki... “

Ərdoğan: “Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dövlətlərində qürur doğurub”

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Qazaxıstana gedərək, tədbirdə iştirak edib. İlham Əliyevi
Qazaxıstan Prezidenti Kasım-Jomart qarşılayıb.

Zirvə görüşünü Qazaxıstan Prezidenti 
Kasım-Jomart Tokayev açaraq qonaqları salamlayıb, İlham Əliyevi və Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib:

“Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin 
möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq deyib: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.

Prezident Şavkat Mirziyoyev, həmçinin 
Azərbaycanın işğaldan azad olunmuş
 ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb: “Tarixi ədalət zəfər çaldı.
 Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs
 obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük
 Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha 
səmimi-qəlbdən təbrik edirəm”. 

Prezident İlham Əliyev isə çıxışında bildirib:
“İlk növbədə, qonaqpərvərliyə görə 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibətilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin
 möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri 
Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan
 İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında
 Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi 
yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.

2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları,
 o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə
 nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi
 imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın 
suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan
 ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi.
 Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası
 “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən
 yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq 
etmişdir.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı
 bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək
 Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Qırğız Respublikasının Prezidenti 
Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edib: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq 
səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk 
dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını 
vurğulayaraq dedi: “Can Azərbaycan 
Qarabağın otuzillik işğalına Vətən 
müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə
 davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın 
Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək
 kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Türkiyə Prezidenti Naxçıvan Sazişinə 
dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə
 çatdıraraq bildirdi: “Naxçıvan Sazişinə
 dəyişikliklər edilməsinə dair Protokol
 Məclisimiz tərəfindən Türk Dövlətləri 
Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm”.

Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını 
vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdi: “Nəhəng enerji və nəqliyyat
 infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft,
 Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji
 təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk”.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə
 elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğulayıb: “Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi 
nailiyyətləriniz münasibətilə təbrik edirəm”.

Türk Dövlətləri Təşkilatının Baş
 katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub:
 “İstanbulda BMT-nin Məskunlaşma 
Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə 
Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi”.
Sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat 
Mirziyoyevə Türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının 
Ali Ordenini təqdim edib.

Astana’da Türk DövlətləriTəşkilatının  “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü


Leave a Comment